2025-ci ilin 4–6 aprel tarixlərində Özbəkistanın qədim elmi-mədəni mərkəzi olan Səmərqənd şəhərində keçirilmiş 2-ci Beynəlxalq Avrasiya Tibb Konqresi, Avrasiya coğrafiyasında tibbi bilik, təcrübə və elmi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm mərhələ oldu. Səmərqənd Dövlət Tibb Universitetinin ev sahibliyi ilə baş tutan bu nüfuzlu tədbir, iştirakçı ölkələrin elmi cəmiyyətləri arasında əməkdaşlıq, bilik mübadiləsi və multidissiplinar yanaşmanın təşviqinə həsr olunmuşdu.
Konqresin rəsmi açılışında Səmərqənd Dövlət Tibb Universitetinin rektoru professor Jasur Rızayev iştirakçıları salamlayaraq tədbirin yalnız tibbi deyil, eləcə də elmi və strateji tərəfdaşlıq baxımından əhəmiyyətini vurğuladı. Tədbirin təşkilatçı və aparıcı simaları – professor Dursun Buğra, professor Dr. Qurbanxan Müslümova, professor Şükrəddin Güldütuna və Üsküdar Universitetinin rektoru Nevzat Tarhan – öz çıxışlarında Avrasiya məkanında ortaq elmi platformaların yaradılmasının zəruriliyini və tibbin gələcəyində beynəlxalq əməkdaşlığın rolunu xüsusi qeyd etdilər.
Konqresin rəsmi hissəsində Fuad Sezgin adına İslam Elmi Araşdırmalar Fondunun mütəvəlli heyətinin üzvü Bilal Ərdoğanın iştirakçılara ünvanladığı videomüraciət səsləndirildi. O, İslam elminin tarixi mirasının qorunması və müasir dövrdə təbliği barədə mühüm fikirlər səsləndirərək bu tədbirin mənəvi və elmi birliyi gücləndirən yönlərini də ön plana çıxardı.
Konqres boyunca keçirilən plenar iclaslarda tibbin ən aktual sahələrinə dair elmi çıxışlar təqdim olundu. Sessiyalarda cərrahiyyə, radiologiya, onkologiya, gen terapiyası, süni intellektin tibbdə tətbiqi, transplantasiya, tibbi etika və psixi sağlamlıq kimi mövzularda aparıcı alimlər məruzələrlə çıxış etdilər.
Xüsusilə professor Dursun Buğranın sol kolon tıxanmaları ilə bağlı cərrahi dilemmlərə dair çıxışı və professor Andreas Schrayerin radiologiyada süni intellektin rolu ilə bağlı təqdimatı müzakirələrə səbəb oldu. Prof. Feza Karakayalı, Prof. Bilgi Baca, Prof. Davit Lomanto və digər alimlər kolorektal və laparoskopik cərrahiyyə üzrə müasir yanaşmaları paylaşdılar. Diskusiyalar interaktiv şəkildə aparıldı və elmi baxımdan məhsuldar keçdi.
Konqresin fərqləndirici cəhətlərindən biri də praktik yönümlü sessiyalar və canlı əməliyyatlar oldu. Hər gün 10-dan çox ixtisas üzrə təşkil olunan təlimlər və ümumilikdə 15-ə yaxın canlı əməliyyat tibbi tədris və peşəkar inkişaf baxımından önəmli mərhələyə çevrildi. Bu əməliyyatlar beynəlxalq səviyyədə tanınan cərrahların iştirakı ilə aparıldı və iştirakçılar tərəfindən yerində müşahidə olundu.
Azərbaycan, Türkiyə, Almaniya və digər ölkələrdən dəvət olunmuş tanınmış mütəxəssislər minimal invaziv texnologiyaların tətbiqi, transplantasiya əməliyyatları və xüsusi klinik hallarda istifadə olunan unikal cərrahi yanaşmalar barədə praktiki biliklərini paylaşdılar. Bu sessiyalar həm gənc həkimlər, həm də təcrübəli cərrahlar üçün mühüm bir öyrənmə imkanına çevrildi. Simulyasiya texnologiyalarına əsaslanan treninqlər vasitəsilə iştirakçılar öz bacarıqlarını daha da təkmilləşdirərək beynəlxalq protokollara uyğunlaşdırmaq imkanı qazandılar.
Tədbirin rəsmi hissəsində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri və ALMAZ AKADEMIE Tibbi Treyninq Mərkəzinin prezidenti professor Dr. Qurbanxan Müslümova Səmərqənd Dövlət Tibb Universiteti tərəfindən “Fəxri Professor” adı təqdim olundu. Bu yüksək akademik mükafat, onun Azərbaycan və beynəlxalq tibb ictimaiyyətinə verdiyi mühüm töhfələrin, elmi araşdırmalarının və elmi tədris proqramlarının yüksək səviyyədə tanınmasının göstəricisi oldu.
Bu uğur, eyni zamanda, Azərbaycan elminin qlobal elmi mühitdə getdikcə daha fəal və tanınan mövqeyə çıxmasının rəmzi kimi dəyərləndirilir. Professor Müslümovun rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələr, konqres və treninqlər ölkənin elmi nüfuzunu artırmaqla yanaşı, gənc mütəxəssislərin yetişdirilməsində də ciddi rol oynayır.
2-ci Beynəlxalq Avrasiya Tibb Konqresi, yalnız bir elmi tədbir olmaqdan kənara çıxaraq, regionlararası akademik əməkdaşlıq, mədəni əlaqələrin möhkəmləndirilməsi və ortaq elmi platformaların yaradılması baxımından strateji əhəmiyyətli bir hadisəyə çevrildi. Konqresin uğuru göstərdi ki, tibb elminin inkişafı üçün sərhədləri aşan, mədəni və elmi müxtəlifliyi birləşdirən ortaq tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Konqresin davamı olaraq növbəti illərdə daha geniş iştirakla yeni əməkdaşlıqların qurulacağı gözlənilir və bu proses Avrasiya coğrafiyasında elmi birliyin inkişafına dəyərli töhfələr verəcək.