Ümumi Məlumat

21-22 iyun 2025-ci il tarixlərində Gəncə şəhərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin dəstəyi ilə “Minimal İnvaziv Cərrahiyyə Bu Gün” adlı cəmiyyətin 7-ci Regional Konfransı baş tutmuşdur.
Komfransın açılışı Gəncə şəhəri Heydər Əliyev parkında Ulu Öndərin heykəli önündə əklil qoymaqla başlanmış və rəsmi hissə Gəncə Dövlət Filarmoniyasında baş tutmuşdur. Açılışda Gəncə rayon İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti və konfransın sədri Professor Qurbanxan Müslümov, TƏBİB-in icraçı direktor müavini Araz Nəsirov, İTS üzrə Dövlət Agentliyinin Departament rəhbəri Hikmət İbrahimli, Gəncə Birləşmiş Xəstəxanasının direktoru – İlkin İsmayılov iştirakçıları salamlayaraq region həkimləri üçün bu tip konfransların mühüm əhəmiyyətini qeyd etmişlər.
Konfransın işində Azərbaycanın müxtəlif klinikalarında çalışan 40-a yaxın yüksək ixtisaslı mütəxəssis ekspert, mentor və məruzəçi qiamində iştirak etmişlər. Onlar tərəfindən əsasən qərb regionundan olmaqla respublikanın müxtəlif klinikalarından gəlmiş 150-yə yaxın həkim və tibb bacısı üçün Laporoskopik və endoskopik cərrahiyyə, Ginekologiya, Urologiya, Diaqnostik və iİnvaziv Radiologiya, Müalicəvi endoskopiya, Qulaq-burun-boğaz cərrahiyyəsi və Tibb bacılığı işinə həsr olunmuş maraqlı məruzələr oxunulmuş,10-a yaxın ixtisas üzrə müxtəlif tibbi treninq kursları və ustad dərsləri keçilmiş və Canlı Cərrahiyyə kursu təşkil edilmişdir.
İlk əsas plenar iclasda Professor Qurbanxan Müslümov, Professor İlham Mahalov və baş mütəxəssis həkim İlham Kərimov tərəfindən iştirakçılar üçün cərrahi anatomiya, ginekologiya, radiologiya üzrə maraqlı məruzələr oxunulmuş, iştirakçılarla bərabər interaktiv müzakirələr təşkil edilmişdir. Bunun ardınca ginekologiya, ümumi cərrahiyyə, proktologiya, endokrin cərrahiyyə, tiroid ablasiyası, invaziv radiologiya, urologiya və digər sahələrdə iştirakçılar üçün canlı cərrahiyyə kursu təşkil edilmiş, iştirakçıları maraqlandıran suallara, əməliyyatlarla bağlı məsələlərə aydınlıq gətirilmiş, maraqlı diskussiyalar təşkil edilmişdir.
Daha sonra müxtəlif treninq və ustad dərsləri təşkil edilmişdir. Günün ikinci yarısında konfrans ümumi cərrahiyyə, urologiya, ginekologiya, Tibb bacılığı ilə bağlı müxtəlif sessiyalarla davam etdirilmişdir. Günün sonunda cərrahiyyənin marağlı sahələrinə aid olan video mühazirələrlə konfrans iş gününü başa vurmuşdur.
Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 15 DTT balı ilə qiymətləndirilmiş və konfransın gedişində DTT balı olan sertifikatlar iştirakçılara, moderator və təşkilatçılara təqdim edilmişdir.
Təşkilatçılara, fakültə üzvlərinə və tədbirin təşkilində əməyi keçən hər bir kəsə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin İdarə Heyyəti adından təşəkkür edirik.