×

AMICC-in 2-ci Konqresi (7-10 May 2026)

———————-

———————-

     7–10 may 2026-cı il tarixlərində Bakı və Xankəndi şəhərlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) II Konqresi və 2010-cu ildən etibarən keçirilən 13. Beynəlxalq Avrasiya Tibbi Konqresi keçirilmişdir. Konqres əsas etibarilə minimal invaziv cərrahiyyə, laparoskopiya, robotik texnologiyalar, ginekologiya, plastik və rekonstruktiv cərrahiyyə, invaziv radiologiya, otorinolarinqologiya, tibb tarixi və digər mühüm tibb sahələrini əhatə edir. Konqres çərçivəsində bir sıra mühüm beynəlxalq tədbirlərin də paralel şəkildə təşkil edilmişdir. Belə ki, dünyanın aparıcı tibbi qurumlarından biri olan Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti ( ELSA ) və AMİCC birgə konfransı, Böyük Britaniyanın Oksford Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Bariatrik Klubun I Bakı sammiti, 14. Bakı Beynəlxalq Tibbi Treninq Günləri, Cərrahiyyə Tibb Bacılarının 3. Konqresi də uğurla baş tutmuşdur. Türkiyə, Almaniya, Özbəkistan, Yaponiya, Malayziya, İndoneziya, Sinqapur, Koreya, Hindistan, Pakistan kimi 15-dən çox ölkədən 80-ə yaxın beynəlxalq dəvətli ekspertin və 70 yerli mühazirəçinin qatıldığı bu konqresdə 300 yaxın yerli və 100 xarici mütəxəssis iştirak etmişdir. Konqresin gedişində 20-dən çox plenar iclasda maraqlı məruzələr, interaktiv müzakirəlkər və panel diskussiyalarla yanaşı yerli və xarici ekspertlərin mentorluğu ilə 15 ixtisas üzrə beynəlxalq səviyyəli workshop və praktiki təlimlər, canlı cərrahiyyə kürsu və ustad dərsləri də təşkil edilmişdir.
     Konqresin aşılış mərasiminə Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Vəqfinin Mütəvəlli Heyəti üzvü Necmeddin Bilal Erdoğanın qatılması və iştirakçıları salamlaması konqresə xüsusi ruh qatdı. Cənab Bilal Ərdoğanın bu cografiyanın tarixi, sivil dünya tibbinə verdiyi töhfələr və türk dünyasının hər sahədə olduğu kimi tibb elminin və kliniki təbabətin inkişafı sahəsində də səylərini birləşdirməyin vacibliyi barədə fikirləri hanmı tərəfindən coşqu ilə qarşılandı. Açılışda eləcə də Türkiyənin və Özbəkistanın Azərbaycandakı səfirləri, millət vəkilləri, Səhiyyə Nazirliyi və TƏBİB-in rəsmi nümayəndələri, Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin prezidenti, həmçinin müxtəlif ölkələrdən gələn universitet rektorları və rəsmi şəxslər çıxış edərək bu tədbirin əhəmiyyətini vurğuladılar və konqresin işinə uğurlar arzuladılar.
     7 may 2026 tarixində konqres çərçivəsində Bakının 10-dan çox aparıcı klinikasında eyni anda 15-dən artıq canlı cərrahi əməliyyat həyata keçirilərək mərkəzi şəkildə moderasiya edilərək Zoom platforması üzərindən yayımlandı. Eləcə də həmin gün paralel olaraq 200-ə yaxın iştirakçı üçün 15 ixtisas üzrə praktiki treninqlər və ustad dərsləri təşkil olundu. Minimal invaziv, laparoskopik, robotik və digər müasir cərrahi yanaşmalar üzrə keçirilən bu əməliyyatlar və treninqlər iştirakçılar üçün əsl ustad dərsinə çevrildi. Dünyaca tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən bu canlı cərrahiyyə festivalı və ustad dərsləri davamlı tibbi təhsilində yeni standartların tətbiqinin bariz nümunəsi oldu.
8 may tarixində Holiday Inn Baku otelində konqresin əsas elmi proqramı çərçivəsində 9 plenar iclasda laporoskopik və uşaq cərrahiyyəsi, otorinolarinqologiya, bariatrik cərrahiyyə, ginekologiya, plastik və rekonstruktiv cərrahiyyənin aktual problemləri çoxsaylı iştirakçılarla müzakirə edildi. Eyni zamanda Türkiyə, Almaniya, İngiltərə və digər dövlətlərdən gəlmiş ekspertlərin iştirakı ilə cərrahiyyədə səhvlər və ağırlaşmaların idarə edilməsi və həkim-xəstə münasibətlərində beynəlxalq təcrübədən yararlanma imkanları müzakirə edildi.
     9 may 2026 tarixində konqresin rəsmi açılış mərasimindən sonra konqres elmi panellərlə davam etdirildi. Belə ki, İngiltərənin Oksford Univeristetinin təsisçisi olduğu Beynəlxalq Bariatrik Klubun(IBC) Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti ilə bərabər Sammiti keçirildi. Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti ilə AMİCC-in 3. Birgə sammiti ugurla baş tutdu. İlk dəfə olaraq qardaş Özbəkistandan gəlmiş ekspertlərin iştirakı ilə Özbəkistan-Azərbaycan sessiyası təşkil edilmiş və maraqlı müzakirələr və diskussiyalar təşkil edilmişdir.
     10 may 2026 tarixində tədbir öz işinə Xankəndidə Qarabağ Universitetində keçirilmiş plenar iclas və müzakirələrlə davam etmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bu tədbirdə müxtəlif ölkələrdən gəlmiş universitet rektorlarının iştirakı ilə regionda davamlı tibbi təhsilin inkişafı, bərabər beynəlxalq təlimlərin təşkili və gələcək əməkdaşlıqların genişləndirilməsi istiqamətində mühüm müzakirələr aparılmışdır.
8-9 may tarixlərində paralel olaraq Olimp hospitalda 80-dən çox tibb bacısının qatıldığı Cərrahiyyə Tibb Bacılarının 3. Konqresi də panel müzakirələr və ustad dərsləri ilə uğurla başa çatmışdır. Artıq 2-ci ildir ki, bu konqres çərçivəsində tibb tarixi sessiyası keçirilir. Bu il də TİKA-nın və Türkiyənin Üsküdar Universitetinin təşkilati dəstəyi ilə düzənlənən və bütün bu coğrafiya üçün ortaq olan milli, elmi və mədəni tariximizin araşdırılması və populyarlaşdırılması baxımından mühüm əməmiyyət kəsb edən tibb tarixi toplantısı hamı tərəfindən çox maraqla qarşılanmışdır..
     Tədbirin diqqətçəkən istiqamətlərindən biri də Azərbaycan–Almaniya tibbi günlərinin keçirilməsi olmuşdur. Almaniyada fəaliyyət göstərən 20-yə yaxın azərbaycanlı həkim və alim konqresə qatılaraq yerli mütəxəssislərlə birgə müzakirələrə qatılmış, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində bilik və təcrübə mübadiləsi etmişlər.
Konqres zamanı müxtəlif ölkələrdən gələn 6 komanda arasında Minimal İnvaziv Cərrahiyyə üzrə çempionat keçirilmişdir. Münsiflərin qərarı ilə Özbəkistan komandası turnirin qalibi olmuşdur.
Konqres artıq Avropanın davamlı tibbi təhsil üzrə akkreditasiya qurumları tərəfindən 24, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən isə müvafiq akkreditasiya edilərək 28 DTT balı ilə qiymətləndirilmişdir.