×

20. Azərbaycan – Almaniya Tibb Günləri, 7–8 Noyabr 2026, Berlin, Almaniya

İLKİN PROGRAM / DRAFT CONGRESS PROGRAM

ÖDƏNİŞ DETALLARI / PAYMENT TERMS

KONFRANSA QEYDİYYAT / REGISTRATION FOR CONGRESS

KURSLARA QEYDİYAYT / REGISTRATION FOR COURSES

     Dəyərli həmkarlar, əziz dostlar,
Sizi böyük məmnunluq hissi ilə 7–8 noyabr 2026-cı il tarixlərində Vətən müharibəsində qələbəmizin 6-cı ildönümünə və Azərbaycanla Almaniya arasında tibbi əməkdaşlığın 20-ci ildönümünə həsr olunmuş və Berlində keçiriləcək 20-ci Azərbaycan–Alman Tibb Günləri beynəlxalq konqresinə məruzəçi, panelçi və ya iştirakçı qismində qatılmağa dəvət edirik.
Bu tədbirin əsas məqsədi yalnız elmi biliklərin paylaşılması deyil. Bizim üçün eyni dərəcədə vacib olan digər
məqsəd Almaniyada və Azərbaycanda çalışan həkimlər arasında mövcud əlaqələri gücləndirmək, yeni peşəkar və elmi əməkdaşlıqlar üçün platforma yaratmaq və müxtəlif nəsillərdən, ixtisaslardan və tibb müəssisələrindən olan
həmkarları bir araya gətirməkdir. Odur ki, kongres çərçivəsində Azərbaycanda çalışan həmkarlarımızın azərbaycanlı həkimlərin aparıcı mütəxəssis kimi çalışdığı Almaniyanın aparıcı klinikalarına qısamütddətli səfər imkanları yaratdıq. Maraqlananlar bu link üzərindən öz ixtisaslarına uygun klinikalardan birini seçib 1-7 gün ərzində alman klinikalarının işi, müalicə standartları, diaqnpstika-müalicə metodları və s. ilə tanış olaraq yeni əlaqələr qura bilərsiniz.
Azərbaycan–Alman Tibb Günlərinin xüsusi cəhətlərindən biri iştirakçıların çox müxtəlif tibbi ixtisasları təmsil etməsidir. Məhz buna görə də 2026-cı il üçün elmi proqramı klassik dar ixtisas sessiyalarından bir qədər fərqli
qurmağa çalışmışıq. Məqsədimiz müxtəlif sahələrdə çalışan həkimlər üçün eyni zamanda aktual, elmi cəhətdən yüksək səviyyəli və müzakirəyə açıq mövzular seçməkdir.
Konqresin ilk böyük elmi istiqaməti müasir texnologiyalar və tibbin rəqəmsal transformasiyası olacaq. Burada sürətlə inkişaf edən və yaxın gələcəkdə tibbi praktikanı, elmi tədqiqatı və tibbi təhsili əhəmiyyətli dərəcədə dəyişə biləcək yeni yanaşmalar müzakirə ediləcək. Süni intellektdən və rəqəmsal tibbdən tutmuş robotik sistemlərə, müasir görüntüləmə və diaqnostika üsullarına, fərdiləşdirilmiş və molekulyar təbabətə qədər geniş spektrdə mövzular üçün yer nəzərdə tutulur. Konqresdə məruzəçi və ya panelçi qismində iştirak etmək və öz təcrübənizi paylaşmaq istəyirsinizsə bu link üzərindən müraciət edə bilərsiniz.
Proqramın mərkəzi hissələrindən biri Azərbaycan–Alman elmi və akademik əməkdaşlığına həsr olunacaq. Burada artıq həyata keçirilmiş, davam edən və ya nəşr olunmuş birgə layihələrin təqdimatı ilə yanaşı, gələcək əməkdaşlıq imkanlarını da müzakirə etmək istəyirik. İnanırıq ki, uğurlu nümunələrin paylaşılması yeni tədqiqat layihələrinin, çoxmərkəzli təşəbbüslərin, təhsil proqramlarının və şəxsi peşəkar əlaqələrin yaranmasına təkan verə bilər. Bu
sessiya konqresin networking xarakterinin də əsas hissəsi olacaq.
Üçüncü əsas istiqamət sağlam uzunömürlülük, sübuta əsaslanan profilaktika və sağlam qocalma mövzularını əhatə edəcək. Burada məqsəd artıq yaranmış xəstəliklərin yalnız müalicəsini müzakirə etmək deyil, sağlamlığın necə
qoruna biləcəyi, risklərin necə azaldıla biləcəyi və müasir elmi biliklərin gündəlik həyat və klinik praktika üçün hansı real nəticələr verdiyi barədə danışmaqdır. Bu yanaşmanın müxtəlif ixtisaslardan olan həmkarlar arasında xüsusilə
canlı və praktik müzakirələrə səbəb olacağına inanırıq.
Elmi proqramdan sonra iştirakçıları daha rahat atmosferdə bir araya gətirmək üçün 7 noyabr axşamı ümumi şam yeməyi də nəzərdə tutulur. Burada gün ərzində başlayan söhbətləri davam etdirmək, yeni tanışlıqlar qurmaq və
gələcək əməkdaşlıqlar haqqında daha sərbəst şəraitdə fikir mübadiləsi aparmaq imkanı olacaq. 8 noyabrda Vətən müharibəsindəki şanlı Zəfər Günümüz münasibətilə konqres iştirakçıları üçün ayrıca mədəni və sosial proqramın keçirilməsi planlaşdırılır.
Sizi Berlində salamlamağı səbirsizliklə gözləyirik.
📍 Məkan: Azərbaycan Mədəniyyət Mərkəzi, Berlin, Almaniya

↘️Konqresin ilkin proqramı
https://drive.google.com/file/d/1viKs-aWA5223Uu9oo3otQa6a5dZMV0v8/view
🤔Konqresə online qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfWPnahRR1msegYqIL3pQdbn1bVKqXLHSTyNejhGqrtXLeGBw/viewform?usp=send_form
🤝1 həfrəlik kurslara qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSegRJ4HiDrSX9w9I48LkPKo8HXxLdK6gbpVlWco3kh_pB4IAQ/viewform?usp=send_form
👌Məlumat Flayerləri
https://amicc.az/?page_id=5028
🏳️Ətraflı məlumat və qeydiyyat: www.amicc.az
✉️ E-mail:
office@amicc.az | amicc.az@gmail.com
📞 Əlaqə nömrələri: +994 55 342 81 81 | +994 99 310 32 05