
AZƏRBAYCAN MİNİMAL İNVAZİV CƏRRAHLAR CƏMİYYƏTİNİN XIII REGİONAL KONFRANSI UĞURLA BAŞA ÇATDI
11–12 iyul 2026-cı il tarixlərində Qusar şəhərində keçirilən AZƏRBAYCAN MİNİMAL İNVAZİV CƏRRAHLAR CƏMİYYƏTİNİN XIII REGİONAL KONFRANSI ölkənin müxtəlif tibb müəssisələrindən olan mütəxəssisləri bir araya gətirərək minimal invaziv cərrahiyyə sahəsində elmi biliklərin, klinik təcrübənin və peşəkar əməkdaşlığın inkişafına mühüm töhfə verdi.
Konfransın birinci günü minimal invaziv cərrahiyyənin aktual istiqamətlərini əhatə edən elmi məruzələr təqdim olundu, mövzular ətrafında geniş müzakirələr aparıldı. Günün əsas hadisələrindən biri ucqar Laza kəndində AMİCC-İN “KƏSKİN PANKREATİTİN İDARƏ OLUNMASI ÜZRƏ KLİNİK RƏHBƏRLİYİ (PROTOKOLU)” sənədinin yekun müzakirəsinin keçirilməsi oldu.
Konfrans çərçivəsində həmçinin xəstə təhlükəsizliyi, infeksiya nəzarəti və səhiyyədə keyfiyyətin artırılmasına həsr olunmuş elmi sessiyalar təşkil edildi.
Konfrana zamanı iştirakçılar üçün lazer proktologiyası, cərrahi tikiş, endoskopiya, traxeostomiya, kardiopulmonar reanimasiya (CPR) və tibb bacıları üçün praktiki bacarıqlar üzrə təlimlər keçirildi. Təlimlər nəzəri biliklərin praktik tətbiqini gücləndirməklə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Konfrans proqramının ayrılmaz hissəsi olaraq səhər saatlarında təşkil edilən hiking turu iştirakçıların sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və həmkarlar arasında peşəkar ünsiyyətin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
AZƏRBAYCAN MİNİMAL İNVAZİV CƏRRAHLAR CƏMİYYƏTİ konfransın təşkilinə dəstək göstərən bütün tərəfdaşlara, məruzəçilərə, moderatorlara, təlimçilərə və iştirakçılara dərin təşəkkürünü bildirir. Cəmiyyət bundan sonra da elmi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin tətbiqi və minimal invaziv cərrahiyyənin ölkəmizdə inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
